3 Eylül 2013 Salı

YUNUS ƏMRƏ İLAHİLƏRİNDƏ «ÖLÜM SEVGİSİ»

Hümmətova Xuraman Bəhman qızı
filologiya üzrə fəlsəfə doktoru

YUNUS ƏMRƏ İLAHİLƏRİNDƏ «ÖLÜM SEVGİSİ»

İnsanı yarandığı gündən, onun üçün nə zamansa «ölüm» adlı bir varlığın olması fikri həmişə narahat etmişdir. Əbədi qalmaq, ölümdən qaçmaq ideyası onu həmişə düşündürmüş və bunun üçün müxtəlif yollar axtarmışdır. Bildiyimiz kimi türk folklorunda və ədəbiyyatında ölümlə bağlı inanclar çox geniş yayılmışdır. Elə bu səbəbdən də ağı, mərsiyyə deyilən şeir  janrları yaranmışdır.
Fəlsəfə tarixində ölümlə bağlı bəzi filosoflar «Yaşayırsan ölüm sənin üçün yox deməkdir, ölmüsən artıq sən yoxsan, o halda ölümlə sən heç bir zaman bir yerdə deyilsən». İman Qazalliyə görə «öülümün mənası ancaq bir hal dəyişməsindən ibarətdir. Ölüm bütün üzvlərin ruha üsyan etməsindən ibarət bir haldır» (1, 387).
Əski türklərə görə insan ölümlü yaranmışdır. Ölümü «uça barmak» (1, 388) sözlərilə ifadə etmişdilər. Ruh vücudu sadəcə ölüm zamanında deyil, yuxuda və xəstə halda olarkən də tərk edə bilir. Dədə Qorqudda yuxuya «kiçik ölüm» deyilməsi də bu səbəbdəndir. Canlı və cansız aləmlər arasında kəskin fərqi görünmədiyi kimi, ölümlə və həyat arasındakı bağlılıq çox yaxındır. Bu səbəbdəndir ki, axirət dünyası deyilən bir inanc forması yaranmışdır. Bu inamla bağlı olaraq yaxşı insanların ruhu göylərə yüksəlir, pis  insanların ruhları isə yeraltı dünyaya gedər» (2, 456).
M.F.Axundzadənin «Aldanmış kəvakib» povestində saray əyyanlarının  ölümü aldatmaq üçün hakimiyyətdən uzaqlaşdırılan Şah Abbasa xətər gəlməsin deyə, Yusif Sərracın hakimiyyətə  gəlməsi və onunla bağlı olan əhvalatlarda ölümdən qaçmaq ideyası ön plana çəkilir. Belə  nümunələrə  istər xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatda rast gəlmək mümükündür. Hər iki halda insanları ölümlə bağlı fikirlər düşünməyə vadar edir.
İslamiyyətin qəbulu ilə ölüm, axirət və s. kimi inamlarla bağlı türk ədəbiyyatına daha dərin və köklü bir anlayış hakim olmuşdur. İlk mütəsəvvüf türk şairi Ahməd  Yəsəvi  hikmətlərində  ölümü «acı şərbət» (3) içməyə bənzədir.
Bu dünyada yaratılan mahluklara
Şimdi bildim, dirilik həm olmaz imiş,
Bu ölümün şərbətidir acı şərbət
Hep insanlar içmədən ondan olmaz imiş.

Əcəl gəlsə, fayda kılmaz, sakal yolsan,
Sağa sola canını parça-parça versən
Dünya için aziz ömrünü feda kılsan
Melekül-meret gəlsə firsat koymaz imiş.
Yunus kim öldürür səni, verən alır yenə canı
Bu cahana hökm edəni kim ideğın bildim ahi.

Ölüm motivi Yunusun tez-tez istifadə etdiyi, təsəvvüf hüdudlarını aşaraq əbədi insan ruhunu oxşayan şeirləri əmələ gətirmişdir.
Sana ibrət gərək isə gəl görəsən bu sinleri
Gər taşisən əriyəsən baxıb görəcək bunları (4).
Yunus Əmrə  yaradıcılığının təsəvvüfi axarında ölümlə bağlı yazdığı ilahilər xüsusi yer tutur.         Öz sələf və xələflərindən fərqli olaraq şair bu ilahilərdə həyatın mənasını insanlara ölüm vasitəsilə izah etməyə çalışmışdır. Yunus poeziyasından «ölüm sevgisi» qırmızı xətt kimi keçir. Lakin buna baxmayaraq, Yunus Əmrə bədbin şair deyidir və bədbinlik ideyası onun ilahilərinə yaddır. Şair ölümlə bağlı mövzulara müraciət etməklə, insana ötəri olanları – dünyanın faniliyini izah edir. Ölüm insanı aldadan, insanlara fani olanları dərk etməyə sövq edən bir amil kimi göstərilir. Şair ölümlə bağlı yazdığı ilahiləri ilə insanları xeyirxah işlər, xoş əməllər, yaxşılıqlar etməyə səsləyir.
Hanı mülkə bənəm deyən, köşkü saray bəyənməyən,
İndi bir evdə yatmışlar, daşlar olmuş üstünləri.
Yunus Əmrənin bu misraları Dədə Qorquddan «Qanı öydüyüm bəy ərənlər, dünya mənim deyənlər, əcəl aldı, yer gizlədi, Fani dünya kimə qaldı» (5) deyimi ilə üst-üstə düşür. Şair torpağın altında çirkinin də, gözəlin də, varlının da, kasıbın da çürüyüb getdiyini, ölümün hər kəsə fərq qoymadığını göstərir. İnsan həyatda mal-mülkə bel bağlamaqla, təbii ki, Tanrısını, bununla yanaşı, insanı ucaldan, saflaşdıran, kamilləşdirən bütün hissləri unudur. Bunlara görə şair oxucusuna tez-tez dünyanın faniliyini xatırladır. Ölümün insanları «göy zəmi kimi biçməsini», «birinin alur qardaşını», «birisinin belin bükər» deməklə insanların halına acıyır. Şair həm də ilahilərində fani olan bu dünyanı ölümə qarşı qoyaraq gəlib-getmə məkanı adlandırır. Təbii ki, sufi şair və filosoflar kimi dünyanın hər kəsi qonaq saxlamaması fikri Yunus Əmrəni də həmişə düşündürmüşdür.
Bu dünyaya gələn köçər,
Gələn köçər, qonan köçər.
Şair heç kəsə fərq qoymayan bu dünyanı həm də vəfasız gözələ bənzədər. Təbii ki, vəfasız gözələ bel bağlayan aldanar, onu sevənlərin sevgisi cavabsız qalar. «Meyl etmə bu dünyaya, heç kimsəyə qılmaz vəfa» deyir.
Yunus Əmrə  şeirində əbədi həyat «o dünya», «sual-cavab məkanı», «haqq-hesab yeri», «axirət günü», «Qıl körpüsü» kimi məna çalarlarında işlənir. Şairə görə, yalan danışan, özündəki haqqı bilməyən, onu öldürən şeytani nəfsə uyan insan bir gün bu Fani dünyadan axirətə köç edəndə bunlara cavab verməli olacaq. Quranda deyilir ki, hamınız qiyamət günü mənim hüzuruma qayıdacaqsınız. Mən də dünyada nələr etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm. Məhz onda əli hər şeydən üzülən insan ömrünü boş və mənasız keçirdiyini anlayacaq.
Dünyaya gələn köçər, bir-bir şərbətin içər,
Bu, bir körpüdür keçər, cahillər onu bilməz.
Şair axirət əzablarını, sual-cavabın ağırlığını xatırlamaqla insanları bir daha haqqın yoluna dəvət edir, haqqa boyun əyməyə çağırır. Axirət motivi Yunus Əmrədə fani olan dünyaya qarşı qoyulur. Ona görə də əbədi olan axirət günü üçün oxucunu xeyir əməllər etməyə səsləyir. Yunus Əmrə şeirində kimliyindən asılı olmayaraq hamı fani olan dünyada qonaqdır, gələn getməli, ölüm şərbətini dadmalıdır. «Bu dünyaya gələn kişi, axır yenə getmək gərək» deyən şair faniliyi əbədiliklə əvəz edir.
Müsafirdir vatanına bir gün səfər etmək gərək.      
Yaradıcılığında ölümün şəriətlə bağlı tərəfləri, onun İslam dinini, şəriəti, Qurani-Kərimi, dini rəvayətləri dərindən bilməsi, bunların klassik və orta əsr təsəvvüf ədəbiyyatında ən gözəl poetik əksini məhz Yunus Əmrə yaradıcılığında tapdığını görürük. Yunus Əmrənin ölümlə bağlı yazdığı ilahilərində «əvvəl qapı şəriət», «şəriət, təriqət yoldur varana», «hər kim şəriət billə, həm oxuya, həm qıla», «şəriət bir gəmidir» və s. bu kimi ifadə və deyimlərdən bəlli olur ki, dərin təkkə təhsili olan şair təriqətə girmək üçün şəriətin həm batini, həm də zahiri tərəflərini gözəl bildiyinə görədir ki, ölümlə bağlı yazdığı ilahilər bu qədər şirin və poetik səslənir. Şairin bu ilahilərində müsəlman aləmində şəriətin tələb etdiyi kimi ölünün yuyulmasının vacibliyi «əvvəl gələ şol yuyucu, ardınca şol qoyucu», «su gətirələr yumağa», sonra ölünün kəfənlənməsini, ölənin qadın və kişi olmasından asılı olmayaraq, müxtəlif ölçüdə olan kəfənin «üç biçildi kəfən tonum», «həzrətə yollandı yolum», «beşcə qarış bezdir tonum», «tənim ortaya açıla, yaxasız köynək biçilə» və s. kimi ifadələr şəriətin sırf zahiri tərəflərini ifadə etməkdədir. Şair ölüm mərasiminin müxtəlif ayinlərini beləcə davam etdirərək, qəbir evinə yola salınan ölünün «salacımı gətirdilər, məqbərəmə yetirdilər, halə vurub oturdular», «ağac ata mindirdilər», «gəldi salacım sarılı, dörd yana salə vurulu» kimi ifadələrlə şair öz fikirlərini poetikləşdirir. Daha sonra ölən üçün cənazə namazının qılınmasını «namaz üçün üstümüzə duranlara salam olsun», «el namazına durulu» və beləliklə, «çün cənazədən keçdilər, üstümə torpaq eşdilər», «yer altına endirdilər», «başıma tikələr heçə (baş daşı), nə gündüz billəm, nə gecə» və s. Şairin bu ilahiləri həm də orta əsr türk xalqının adət-ənənəsi, onun etnoqrafiyası ilə yaxından tanış olmaq üçün oxucuya geniş material verir.
Ölümdən sonra nə olacağını insanın təkbaşına dərk etməsi qeyri-mümkündür. Bu məsələdə vəhydən başqa yol yoxdur, çünki insanın dərki onun yaşadığı aləmi, tutduğu məqamın hüdudlarını aşa bilmir» (6).
Ölüm davamlı bir həyatın başlanğıcı, fanilikdən əbədiliyə gedən bir yoldur. Yunusun şeirlərində həyat və ölümün dəyərləndirilməsi içində bulunduğu, yaşadığı təsəvvüfi mərhələlərlə bağlantılıdır. Ölüm qarşısında həyatın faniliyi, həyatın qısalığı vurğulanır.
Bu manadan kimse qalmaz, anda varan yenə gelmez.
Bu dünyaya kimse kalmaz, gələn köçer illərinə.
Dünya sevgisi, Rəbb ilə insan arasında həmişə bir əngəldir. Bu bağlılıq üstündən ölümü qəbul etmək insana çətin gəlir. Çünki insan fani olan bu dünyaya çox bağlıdır. Özünün əsl vətəninə dönməsini həmişə fikirləşmir. İnsan bu dünyada bir qonaqdır. Həyatın faniliyini ağlına belə gətirmədən yaşayır.
               Bərk yapışdın şol dünyaya, koyub getmeyesen gibi
               Karanı yalnız sinde, varup yatmayasın gibi.       
          Yunus şeirlərində ölüm gerçəkliyini bu qədər inamlı və  fəlsəfi anlatması onun bir filosof-şair olmasından xəbər verir. Onun şeirlərində həyatın aldadıcı və mübarizə  meydanı olması göz önünə gəlir. Şair deyir: «Bu dünya bir gəlindir, yaşıl qızıl donanmış, kişi yeni gəlinə baxar baxar doyamaz. Deməli,  şair dünyanın rəngarəngliyini,  göstərməklə dünya nemətlərinə aldanmamağı, hər şeyin bu dünyada qalacağını, dünyaya bel bağlamamağı tövsiyə edir. Dünya gözəlliyini insnlara çatdırmaqla yanaşı, onlara «ölüm» adlı bir varlığın olmasını da yada salır.
Bu dünyada bir nesneye yanar içim  köyner özüm
Yigid iken ölenlere göy ekini beçmiş gibi, - deyir.
Şair ölümün gerçəkçə təsvirində dünyada olan hər bir şeyin  faniliyini  anladır. Şair  təriqətə girmə yolunda sufinin  keçdiyi bu mərhələləri ölümlə əlaqəli olduğunu oxucuya çatdırır.
Bildiyimiz kimi Yunus Əmrə  sufi şairidir. Onun ilahilərində dünyagörüşü, həyata baxışı aydınlaşır. Şair təriqətə girmə yolunda sufinin keçdiyi bu mərhələləri ölümlə əlaqəli olduğunu oxucuya çatdırır.
Onun şeirlərində təriqətə  girməyin yollarının 4 mərhələdən keçdiyini, bəzən də bu yolun  7 olduğunu görürük. Şair bu  mərhələni hər dəfə keçən aşiqin «ölüb-dirildiyini» və bu yolla onun kamilləşdiyini göstərir. Öz ideyalarında sufilərin «ölmədən öncə ölmək» hədisinə dayanan şair təriqət əhlinə həyatın mənasını ölümlə anlatmağa çalışır.
Bənim bunda qararım yox, ben bunda getmege geldim,
Bazurganam mataım çok, alana  satmağa gəldim.
Yunus Əmrə şeirlərində nəzəri sufizmin yeddi məqam anlayışına rast gəlirik. Şair ilahilərində yeddi məqamı keçib  haldan-hala düşən haqq aşiqindən danışır, həm də bu məqamlardan  keçməyin çətinliyini, əzab-əziyyətini də oxucuya çatdırır. Şair göstərir ki, eşq əhli bu yolda üç yüz dəniz keçib, cəhənnəmin 7 qatına düşməli və onun odunda yanmalıdır. Bu yeddi cəhənnəm və ya cəhənnəmin yeddi qatında yanıb kül olan aşiq əvvəlki vücudunu itirir, daha doğrusu, öz fani vücudundan əl çəkir. Yanıb kül olan aşiqin vücudunda yeni bir vücud peyda olur, bu yeni vücudda peyda olmaq artıq   irfanla başlanan təlimin sonra çatdığını, aşiqin kamala yetişdiyini bildirir. Yeni vücudda aşiq həqiqətin yeddi qatına gəlir. Yunus Əmrə yaradıcılığında yeddi məqam və ya yeddi mərtəbə anı məhz budur. Sufizmin nəzəri əsaslarında bu hal dəyişmələri bir qədər mürəkkəb və simvolik dillə izah olunur.  Biz isə Yunus Əmrənin şeir dilinin sadəliyini nəzərə alaraq, bu məqam mərhələsini də anlayışı olan bir izahla bəyan etməyi əsas götürdük.
Yunus Əmrə irfanın başlanğıcla sonunu, aşiqin haqqa doğru getməsi və kamala çatması yolunda hər mərhələdə «ölüb-dirilmə» anını yaşadığını görürük. Bir ilahisində şair həqiqətə çatmağın yeddi qapısını belə təsvir edir:
Həqiqətdir haqqa   şarı yeddidir qapıları
Dərgahında yazılıdır, girib qüdrət görəsin,
Əvvəlki qapısında bir kişi olur anda 
Sana aydır salim ol, sən miskinlik bulasan,
İkinci qapısında iki Aslan vardır anda
Neçələri qorkutmuş, olmasın kim qorkaen
Üçüncü qapısında  üç əvren vardır anda
Sənə həmlələr edər olmasın kim dönesen
Dördüncü qapısında dörd pirlər vardır anda
Bu söz sənə rumuzdur gər kim dəlil bulasan:
Bu yolla şair hər məqamda bir maneənin olduğunu, maneələri aşmaq üçün səbr, dözüm, təmkin kimi keyfiyyətlərin lazım olduğunu yazır.
Yunus Əmrə poeziyasında  ölümün həm daxili – batini, həm də zahiri tərəfləri islami anlamda bəyan edilmişdir. İlahi eşqə mübtəla olan aşiq daxilindəki nəfsi, pislikləri öldürməklə haqqa ulaşa bilir. Deməli, şairin «Al gedər məndən mənliyi, doldur içimə senliyi», «Bu dünyada öldür beni,  varıp onda ölmeyeyim» deməsi,  «ölmədən öncə  ölümə» məlum hadisinə dayanır. Aşiq bu halda artıq fənafillah mərhələsində olur,  bu  halda şair  «mənsur» olur. Fənafillah halında Tanrısına ulaşan Mənsur, «Mənsuram çək darə məni ayan göstər onda səni» deyir.
Yunus Əmrə ölüb-dirilən aşiqi dost qılıncı ilə eşq yolunda ölən aşiqin məşuq  bürcündə   yenidən doğacağını deməklə, haqq aşiqlərinin ölüb-dirilməsinə işarə edir.
Dost  kılıncından Yunis ölürise qəm deyil,
Dost gögündən uyanan məşuq bürcündən toğar.
Yunus Əmrə Tanrını cənnət üçün sevənləri «əbləh» deyə adlandırır. «Cənnət dahi bir tuzaqtır  eblehler canın tutmağa». Ona görə, əsl cənnət Tanrıyla olmaq, onda əriyib yox olmaqdır.
Təsəvvüfün ana istiqamətlərindən olan «Allaha Allah üçün can atmaq» ideyası Rəbiyənin  bir duasında qorunub saxlanmışdır. «Ey Allahım əgər mən sənə cəhənnəm qorxusundan ibadət edirəmsə, məni ora at. Əgər cənnət arzusu ilə ibadət edirəmsə, məni oradan qov. Yox, əgər mən sənə yalnız sənin üçün ibadət edirməsə, onda öz əbədi gözəlliyini məndən gizlətmə» (7). 
Ölüm düşüncəsini qəbul edən insan, qəflət anını gözləyir. Bu  anın nə zaman gələcəyini,  bununla belə bu fikri insan özünə yaxın qoymamağa çalışır.
Həqiqət bilirsen, bir gün ölürsen,
Ya neçün verirsen, özün gümane.
Bütün bu həyatda olanlardan insanın dərs alması, gördüklərindən bir nəticə hasil etmək üçün ağlını başına yığması və dünya malı ilə qürurlanmamağı şair bütün yaradıcılığı boyu oxuculara təbliğ edir.


Günde birin gide durur, komşum sefer ede durur,
Ecel bir-bir yuda durur, bu dünyaya mağrur nedir.
Yunus Əmrə də dünyanın keçiciliyinə, müvəqqəti məkan olmasına dünyanın «bazara» insanları da bu qəflət bazarından, oyandıracaq «meta» olduğunu dilə gətirir.
Menim bunda kerarım yok, ben bunda gitmeye geldim,
Bezurganam metaım çok, alana satmağa geldim.
Mehmet Kaplan bu haqda yazır: «Yunus insanı durmadan kəndi üçün dönməyə, ən yüksək dəgər olan  Tanrını kendi içinde bulmağa çağırır» (8).
Yunus İmrə yaradıcılığında ölümlə bağlı yazdığı ilahilərdə ölmədən ölümsüzlüyü əldə etməkdir. Yunusə görə aşiq «zamanın üstündə çıxmış», ona görə «ezelle ebed», «dün ilə bu gündür».
Təsəvvüf düşüncəsində ölüm bir son deyil, bir başlanğıcdır. «Dosta getmək» ölümlə gerçəkləşməkdir. Bu getməyin yolları isə müxtəlifdir. Bu yol insanı cənnət və cəhənnəm adlı məkana aparır. Yunus bütün şeirlərində ölümlə damla-damla insanlara ibrət dərsi verir, onlara hər an bu dünyanın bir imtahan məkanı olduğunu anladır. O, yaradıcılığında «həyat və ölüm», «varlıq və yoxluq» arasındakı məsafənin çox yaxın olmasını insanlara başa salır. Elə  bu səbəbədən də «ölüm sevgisi» Yunus Əmrə yaradıcılığında məhəbbətlə qələmə alınır. Ölümü sevə-sevə vəsf edən şair «öləlim ölməz ikən, yenə ölmemek  üçün» deyir.
Ədəbiyyat
1.                     Mehmet Yılmaz. Uluslararası türk dili və ədəbiyyatı simpoziumu. 15-17 nisan 2009
2.                     Cəlal Bəydilli. Türk mifologiyası. Ensiklopedik sözlük. Ankara, 2005
3.                     Əhməd Yəsəvi. Divani-hikmət. Ankara, 1999
4.                     Yunus Əmrə. Divan və Risalətün-Nüshiyyə. İstanbul, 1965
5.                     Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 1988
6.                     A.Ə.Dəstğeyb. Məad. Tehran, 1983
7.                     İamam Qəzəli. İhyai ilimid-din.  I X c. İstanbul, 1979

8.                     Asiman Akay. İlahi eşq və ölüm. Qahirə, 2009

Hiç yorum yok:

Yorum Gönder