2 Eylül 2013 Pazartesi

Orta əsr şeirində təsəvvüfi ideya ilə bədii obrazın ilahi-estetik harmoniyası.

Xuraman Bəhmən qızı Hümmətova  Filologiya üzrə fəlsəfə elmləri doktoru. Aparıcı elmi işçi. Azərbaycan Milli  Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu "Türk halklar Ədəbiyyatı şöbəsi.   994 (012-496-51-80)  + 994(50337-66-89)hummatovax@mail.ru

         Orta əsr şeirində təsəvvüfi ideya ilə bədii obrazın ilahi-estetik
                                  harmoniyası.
XIV əsr Azərbaycan poeziasında ikidillilik – yəni həm fars, həm də Azərbaycan dillərində şeir yazmaq ənənəsi davam edirdi. Belə sənətkarlardan biri də görkəmli şair və  filosof  Şah Qasim Ənvar (1356-1434)  olmuşdur. Şair bir sıra qəzəllərini həm Azərbaycan, həm də fars dilindən  istifadə etməklə yazaraq, sanki bu ədəbi hadisənin simvolik formasını yaratmaq istəmişdir. Onun  divanında toplanan fars və Azərbaycan dilində yazdığı şeirlər, istərsə də «Ənis-ül-arifin» əsəri mahiyyət etibarilə sırf ürfani-fəlsəfi məzmun daşıyır (1, 16)
Şah Qasim Ənvarın həm təriqət, həm də sufi mənsubiyyətinə  mənsubluğu məsələsinə gəlincə bu barədə müxtəlif fikirlər mövcuddur. S.Xavəri yazır ki, elmi ədəbiyyatlarda onun Hürufilik, Nemətullahiyyə, Vücudiyyə təriqətlərinə mənsubluğu haqqında mülahizələr vardır (2, 116). Bundan başqa Şah Qasim Ənvar haqqında ayrıca tədqiqat aparmış B.Salehov onu ümumən panteist hesab edir (3, 68). Lakin S.Xavərinin yazdığı kimi, panteizm Şərqdə geniş yayılmış əksər təriqətlərin fəlsəfi əsasını təşkil edir. Hansısa bir təsəvvüf şairi panteist-hürufi, panteist-nəqşbəndi, panteist-səfəvi ola bilər (2, 117).Şair haqqında tədqiqat aparmış rus tədqiqatçısı İ.P.Petruşevski  də Şah Qasim Ənvarı hürufilik təriqətinə mənsub şair hesab etmişdir (4, 57). Ə.Gölpınarlı onun səfəviyyə təriqəti silsələsinə aid olduğunu təsəvvüfə aid qaynaqlar əsasında araşdırmışdır (5, 234). M.Abbaslı sənətkarın səfəviyyə təriqəti ilə əlaqələrinə xüsusi tədqiqat həsr edərək bu məsələyə aydınlıq gətirmişdir. Şah Qasim Ənvar, təsadüfi deyildir ki, «Azərbaycan ədəbiyyatı tarixində» də səfəviyyə təriqətinə mənsub sənətkar kimi təqdim olunur (6, 256-357).
Şah Qasim Ənvarın təsəvvüfi görüşləri onun şeirlərində və «Ənisül-arifin» poemasında ifadə olunmuşdur. Şairin şeirlərinə nəzər saldıqda onun təsəvvüfi görüşlərinin mükəmməl bir sistem olduğuna şahid oluruq. Yəni Ənvar dövrünün təsəvvüfi görüşlərinin təsiri altında sufizmin yalnız ideya və obrazlarından istifadə etməmiş, əksinə, təssəvüfi ideya onun yaradıcılığında bütün obraz və motivləri ilə sistemli şəkildə inikas olunmuşdur. S.Xavəriyə görə, onun lirik şeirlərində sufi ideya iki formada – aydın ideyanın təqdimi və simvolik şəkildə təzahür edir. Şairin təriqətin nəzəri əsaslarından bəhs edən şeirlərində birinci istiqamət (açıq ideyanın təqdimi – X.H.) daha qabarıqdır. Bu da bilavasitə mövzunun işlənilməsində mövcud ənənədən irəli gəlirdi. Şairin aşiqanə qəzəllərində isə poetik-sufi məcazların zənginliyi (ikinci istiqamət – X.H.) xüsusilə nəzərə çarpır. «Sufi-Allah» münasibətlərini simvollaşdıran hicran əzabları ilə qovrulan aşiq və etinasız məşuq obrazları bu simvollar içərisində xüsusilə fərqlənir. Şairin yaradıcılığında belə bir paralelliyi poetik fikrimizin ümumi inkişaf qanunauyğunluğu şərtləndirirdi. Qasım Ənvar bir tərəfdən mənsub olduğu təriqətin diqtəsi ilə normativ panteizm təbliğ edir, digər tərəfdən də saflaçmağa can atan poeziyanın o dövrki səviyyəsi ilə şərtlənərək ideyanın açıq təqdimini şeirin mərkəzinə ötürürdü (2, 119).
Fikrimizcə, Ənvar şeirində mərkəzində transformasiya olunan təsəvvüfi ideya orada sırf dünyagörüşü konsepti statusunda qalmır, şeirin estetik qida qaynağına çevrilir. Yəni Allahadan başlanan və Onun yaratdığı dünyaya və insana qədər gələn ilahi nizam təsəvvüfi ideya şəklində şeirin əsasını təşkil edir və bu zaman şeirin poetik varlığının bütün elementləri öz estetik düzümünü təsəvvüfi ideyadan alır. Başqa sözlə, orta əsr şeirində əsas ideyanı təşkil edən təsəvvüfi ideyada daşınan ilahi nizam poetik obraz məkanın elementlərinin də ilahi nizama uyğun düzülüşünü təşkil edir. Bu da öz növbəsində Şah Qasim Ənvarın şeirlərində təsəvvüfi ideya ilə bədii obrazın ilahi-poetik harmoniyasını yaratmaqla varlıq aləmindəki bütün ünsürlərin, o cümlədən bədii ünsürlərin ilahi vəhdət içərisində olduğunu təsdiq edir. Beləliklə, Şah Qasim Ənvar bədii sözü – ədəbiyyatı təsəvvüfün ana ideyası olan vəhdəti-vücudün reallaşdığı bədii məkan kimi təsdiq etməklə Azərbaycan ədəbiyyatının əvvəldən ona məxsus olan ilahi dəyərlərini qoruyaraq gələcək nəsillərə ötürür.
Ənvar yazır:

Çəkir hər gün o nazlı fərzanə
Gözünə sürmə, zülfünə şanə.

Canının mülkünə qəza vermiş
Sirri-həqdən kəlamı dövranə.

Öylə sərməst nazənindir ki,
Hər kəsi gördü verdi peymanə.

Kim alıb içdi badəsini,
Çəkdi bir nərə məstü-məstanə.

Zahidə verdi təsbihi-möhrü,
Aşiqə verdi nəşə, meyxanə.

Sənin eşqində bu dəli könlüm,
Gah şam oldu, o gah pərvanə.

Hər kəsin neməti düşər payına,
Uşağa süd və quşlara danə.

Yarı mədh eylə, ey könül, daim,
Başqa hər şeyə rəvayət, əfsanə.

Aç niqabı ki, hüsnünə Qasim
Qurban etsin özünü şükranə (7, 236-237).

Qeyd edək ki, Ənvarın böyük ustalıqla yazılmış hər bir şeiri onun istedadla təcəssüm olunmuş təsəvvüfi görüşlərini inikas edir. Bu şeir zahiri təsvir planında gözəlin tərifinə həsr olunmuşdur. Ədəbi obrazın əsasında humanist ideal durur. Lakin bu ədəbi obraz öz estetik gücünü onun mərkəzində  duran təsəvvüfi ideyadan alır. Təsəvvüfi ideya isə şeirdə fərqli obrazlarda təcəssüm olunmuşdur.
Aşiq sevgilisinin hüsnünə heyrandır. Sevgilinin gözünə çəkdiyi sürmə, zülfünə çəkdiyi şanə onun əqlini başdan alır. Aşiqi heyran edən bu gözəlliyin bütün cazibəsi Sirri-Həqqə bağlıdır. Hər kim bu gözəlin əlindən badə alıb içirsə, məstlik nərəsi çəkir.
Qeyd edək ki, gözəlin verdiyi badə, bu badə ilə aşiqin məstlik nərəsi çəkməsi Qasim Ənvarın yaradıcılığında tərənnüm olunan təsəvvüfi ideyanın milli qaynaqlarınıda ortaya qoyur. Azərbaycan məhəbbət dastanlarında qəhrəmanlar sevgi badəsini içəndən sonra haqq aşiqlərinə çevrilirlər. Yada salaq ki, Koroğlu da Qoşabulağın suyunu içdikdən sonra həm şeir deyən ağışa (aşiqə), həm də nərə çəkən qəhrəmana çevrilir. Buta və nərə motivlərinin Qasim Ənvar şeirində bir kontekst daxilində qorunması Azərbaycan qəhrəmanlaq dastanlarındakı nərə motivinin də məhəbbət dastanlarındakı butavermə motivi ilə bağlı olduğunu göstərir.
Sözü gedən şeir sürmə, zülf, şanə, şam, pərvanə kimi təsəvvüfi rəm-simvollarla zəngin olmasına baxmayaraq, hər kəsin nemətinə onun öz qismətinin, uşağın payına – südün, quşun payına – dənənin düşməsi haqqındakı beyt Azərbaycan dilinin büllurluğunu özündə əks etdirməklə yanaşı, ümumən poeziyanın həmin dövrdə ana dilinin etnolinqvistik dərinliklərinə yönəlmiş istiqamətini də inikas edir.
Ənvarın şeirlərində dünyaya aşiqanə münasibət ümumən humanist ideya kimi təbliğ olunmaqla, yaşamın qayəsi kimi təsdiq olunur. Əzablar içində çırpınan aşiq əlacı zamanın fövqündə – Yaradanda görür:

Yarıma deyin, a dostlar, nədir indi onda fərman,
Nə əlac edim bu dərdə, nə dəva edim, nə dərman?

Yandırıb yaxır oduyla, külə döndərir bu canı,
Məni məhv edir qəmi-eşq, halımı edir pərişan.

Ürək ovlayan dil ilə ona şərh edin bu halı,
Deyiniz ki, min işarə yaradır bü küfrü iyman.

Zamanın gedişatı aşiqin qəlbində müxtəlif təlatümlər, təbəddülatlar yaradır. Bir tərəfdə nur, o biri tərəfdə qaranlıq, bunların arasında qarışıq məkan. Bu məkanda aşiqin azmaması üçün onun yeganə pənahı hüsnü-camaldır. Qasim Ənvar açıq gözlə bu qarışıq, insanı çaş-baş salan dünyaya baxıb, hər tərəfdə yalnız «cəmali-məni»ni görür. Ona doğru gedən yol, ona çatmağın vasitəsi isə yalnız «kəmali-irfan»dır:

Biri zülmət ilə nurdur, birisi dolu fərəhlə,
Bədənim təlaş içində, ürəyim ümidlə xəndan.

Göstərib cəmalı, hüsnü aləmi digərgun etdin,
Yayılıb cəhanə indi necə ahü nalə, əfqan.

Qasimi açıq göz ilə baxıb aləmdə nə gördü:
Hər tərəf cəmali-məni, hər tərəf kəmali-irfan (7, 237).

Qasim Ənvar məhəbbəti varlıq aləminin əsas kimi təbliğ etmişdir. Burada təsəvvüfi-aşiqanə məhəbbətlə real-insani məhəbbət arasında bir sərhəd yoxdur. Məhəbbt bütün mənası ilə vahiddir və Vahiddən baş alıb gəlməklə onunla vəhdəti təcəssüm etdirir:

Məcsid ilə meyxanə, ya Kəbə ilə bütxanə,
Məqsud məhəbbətdir, biqi bütün əfsanə.

Göstər üzünü cana, ta şərh eləyim mən də.
Xəlq oldu neçün dünya, varlıqdakı məna nə?

Hər kəsdə olan surət xəlq oldu əzəl gündən,
Sən hüsnünə aşiqsən, mən də sənə divanə.

Ey qibləm, əziz yarım, ey canü cəhanım, bil,
Didarını əks eylər Kəbəylə bu meyxanə.

Dildar mənə söylər: bax gör nə təfavüt var,
Mən nur ilə şəməm, sən zülmat ilə pərvanə.

Sən nura yaxınlaşsan, aydın görəcəksən ki,
Ölməz əbədi varlıq, qalmaz belə viranə.

Ey Qasimi, noqsanın bil hökmü Xudadəndir,
O bildi, əzəl gündən necə gəldin dövranə (7. 240-241).

Lirik qəhrəman dünyaya vəhdətin gözü ilə baxır. Məhz bu məqamda məcsid də, meyxana da, Kəbə də, bütxana da Allahın yaratdığı vəhdət enerjisi – məhəbbət içərisində görünür. Lakin insanların çoxu bunu anlamır. Ona görə də aşiq canana üz tutub ondan üzünü göstərməsini xahiş edir ki, o, hər kəs üçün vahid olan həyat əqidəsini başa sala bilsin. Hər kəsdə olan surət əzəldən yaranıb. Allah öz gözəlliyinə, insan da Ona aşiqdir. Yer üzündə Allahı nişan verən nə varsa, onunla didarı inikas edir. Dünya öz şəkilləri ilə fərqli görünsə də, vəhdət içində olan aləmdə nə varsa, hamısı bir-biri ilə bağlıdır.
                     
                          Üzünün nuru düşən dəmdə saralmış üzümə
     Bu səfadan, gözəlim, Qasimi Ənvar olduq (7, 238).
   
 Bu ideyalar Şah Qasim Ənvar şeirinin bədii məzimunun təşkil etməklə onun şeirlərini ilahi humanizmin poetik bəyanatına çevirir. Sənətkarın şeirləri onun varlığının mənası və inikasıdır. İnsanı və dünyanı Allahın özüylə vəhdət içərisində yaratdığı iki aləm kimi sevən şair onu dinləyənləri – oxuyanları hər zaman bu sönməyən, tükənməyən ilahi həqiqətin işığı ilə nurlanmağa çağırmaqda davam edir. Şairin yaradıcılığı özündən sonra yaranandan irfani ruhlu şeirlərin və şairlərin yetişməsində dəyərli rol oynamışdır.

ƏDƏBİYYAT
 1. Qəhrəmanov C., Allahyarov K. Müqəddimə / Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə. XIII-XVI əsrlər Azərbaycan şeiri. Üçüncü cild. Bakı: Elm, 1984, s. 5-23
2. . Xavəri S.A. Azərbaycan təsəvvüf ədəbiyyatı (XIII-XIV əsrlər): Fil. elm. nam. ...dissertasiya. Bakı, 1999, 170 s.
3.  Salehov B. Şah Qasım Ənvar: Fil. elm. nam. ...dissertasiya. Bakı, 1990
4. Петрушевский И.П. Из героической борьбы азербайджанского народа в XIII-ХIV вв. Баку: 1941
5.  Gölpınarlı A. 100 Soruda Türkiyede Mezhepler və Tarikatler. Kum: Ensariyan Yayınevi, 1991, 304 s.
6.  Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. Ali məktəb üçün dərslik. Bakı: Ozan, 2008, 696 s.

7.Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə. XIII-XVI əsrlər Azərbaycan şeiri. III cild. Cildin tərtibçisi Cahangir Qəhrəmanov. Bakı: Elm, 1984, s. 543 s.

Hiç yorum yok:

Yorum Gönder